365541_10

Azərbaycan futbol erasına daxil olur

İllər öncə futbol üzrə Avropa Liqasının qrup mərhələsi bizim üçün heç üfüqdə də görünməyən əlçatmaz bir yer idi. Ancaq ötən gün iki komandamız birdən Avropa Liqasının qrup mərhələsinə yüksəldi.

Ağdamın “Qarabağ” kollektivi səfərdə 0-1 hesabı ilə məğlub etdiyi İsveçin “Young boys” kollektivini Bakıda 3-0 hesabı ilə yenərək qrup mərhələsinə vəsiqə qazandı.

“Qarabağ”ın qrupda olacağını çoxlarımız gözləyirdik, ancaq gözlənilməzi “Qəbələ” etdi. Futbolçu Dodo oyunun 6-cı dəqiqəsində künc zərbəsindən qalxan topu qapıya yönəldərək yunanıstanlı futbolçulara və azarkeşlərə şok yaşatdı. Bakıda 0-0 hesabı qoruya bilən Yunanıstanın “Ponatinaikos” klubu Afinada “Qəbələ”ni asanlıqla yenəcəyini düşünürdü. Ancaq Azərbaycandan olan rəqib elə də asan yeyilən tikə çıxmadı. “Qəbələ” qədim Ellada torpağında “Ponatinaikos”u məğlub edərək qrup mərhələsinə yollandı.

Azərbaycan klublarının bu uğurları qəbələyə ac olan cəmiyyətimizə ruh yüksəkliyi gətirdi. Azərbaycan futbolu son illər addım-addım irəli gedir, pillə-pillə yüksəyə qalxır. Əgər bir neçə il öncə Avropa Liqasının qrup mərhələsi yalnız xəyal idisə, bu gün bütün azarkeşlər artıq komandalarımızın qrupa düşəcəyinə şübhə etmirlər.

Azərbaycan futbol ölkəsi epoxasına qədəm qoyur. Təsəvvür edin ki, bu il ən azı dekabr ayına qədər futbol ölkəmizin əsas gündəmlərindən biri olacaq. Hər yerdə futbol danışılacaq. Tək Azərbaycan deyil, bütün dünyada Azərbaycan və komandalarımız müzakirə olunacaq. Əgər klublarımız daha da böyük nailiyyətlər əldə edərsə, Azərbaycan, Qarabağ və Qəbələ sözlərinin düyada işlənmə tezliyi daha da artmış olacaq.

Bu, sadəcə, mükəmməldir. Ölkəmizin təbliği, turizm imkanlarımızın genişlənməsi deməkdir. İyul ayında ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi xeyli sayda turistin gəlişi ilə müşayiət olunmuşdu. Turist axını, sözsüz ki, hər bir ölkə üçün qazanclı bir şeydir. Futbol komandalarımızın uğurlu çıxışları isə xalqımızın qürur mənbəyi olmaqla yanaşı, turizm imkanlarımızı da artırmış olacaq.

“Qarabağ” və “Qəbələ”nin potensial rəqibləri “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya), “Atletik” (İspaniya), “Liverpul” (İngiltərə), “Beşiktaş” (Türkiyə), “Monako” (Fransa), “Fənərbağça” (Türkiyə) kimi klublar ola bilər. Həmin klubların hər bir oyunu, qələbəsi və ya məğlubiyyəti yerləşdiyi ölkənin gündəminə çevrilir. Bu klubların çılğın azarkeşləri dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq sevimli komandalarının oyununu meydançadan izləyirlər. Bu isə Azərbaycana azarkeş – yəni turist axını deməkdir.

Görünən odur ki, dünyada neftin ucuzlaşdığı dövrdə futbol ölkəmizdə qeyri-neft və turizm sektorunun inkişafı üçün mühüm şansdır.

Uğurun bol olsun, Azərbaycan!

Teymur Hacıyev (milli.az)

 

www.new.az