1

XİN BMT-nin Ali komissarına cavab verdi

“Qərəzli münasibətdən başqa bir şey deyildir”.

İnsan hüquqları üzrə BMT-nin Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarşli və qeyri-obyektiv xarakter daşıyır.

Bu barədə New.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir”, – o bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barəsində vəzifə mandatına uyğun olaraq İnsan hüquqları üzrə BMT-nin Ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyildir.

“Eyni zamanda münaqişələr nəticəsində yüz minlərlə insanın öz daimi yaşayış yerlərini tərk etmələri və bu əsasda özünü göstərən kütləvi miqrant problemi II Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük humanitar fəlakət olaraq, kollektiv məsuliyyət tələb etdiyi halda, bəzi insan hüquqları müdafiəçisi olan təsisatların susqunluğu və fəaliyyətsizliyi özünü göstərir.

Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub.

Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir”, – deyə XİN rəsmisi deyib.

 

www.new.az